Hz. İsa axırzamanda yer üzünə qayıdacaq »

HZ. İSANI KİMLƏR TANIYA BİLƏCƏK?

Əvvəlki hissələrdə hz. İsanın ölmədiyini, Allah Qatına yüksəldildiyini və yer üzünə yenidən qayıdacağını Qurandan dəlillərlə açıqlamışdıq. Bütün bunlardan sonra əlbəttə ağla gələn ilk sual "hz. İsanın yer üzünə təkrar gəlişində kim olduğunun necə aydın olacağı və onun hansı xüsusiyyətlərindən tanına biləcəyi"dir. Bu mərhələdə müraciət edə biləcəyimiz tək mənbə Qurandır.

Quranın bir xüsusiyyəti içində keçən qissələrdə və bəzi ayələrdə peyğəmbərlərə istiqamətli olaraq müxtəlif şərhlər etməsidir. Peyğəmbərlərlə və saleh möminlərlə bağlı bir çox ortaq əlaməti ayələrdə tapmaq mümkündür. Üstəlik möminlərə aid bütün xüsusiyyətləri tək-tək ayələrdən müəyyən etmək də imkan daxilindədir. Bununla əlaqəli olaraq hz. İsanın üstün iman xüsusiyyətləri Qurana baxılaraq görünə bilər. Başqa sözlə, Qurana təslim olan səmimi möminlər onda gördükləri bu üstün xüsusiyyətləri qiymətləndirib, onu tanıya bilərlər. Ancaq bu nöqtədə unudulmamalıdır ki, hz. İsanı tanımaq hər kəs üçün mümkün olmaya bilər. Bu mövzu ilə bağlı Bədiüzzaman Səid Nursi bunları söyləmişdir:

Hz. İsa (ə.s.) gəldiyi zaman hər kəsin onun İsa olduğunu bilməsi vacib deyil. Onun yaxınları və irəli gələn kəslər imanın nuru ilə onu tanıyarlar. Yoxsa açıq-aşkar hər kəs onu tanımayacaq. (Məktubat, s. 54)

Yuxarıdakı sözündə göründüyü kimi, Bədiüzzaman da hz. İsanın yer üzünə qayıtdığı ilk illərdə ancaq yaxın ətrafının onu tanıya biləcəyini bildirmişdir. Yaxınında olan bu insanların onu tanımasının isə ancaq imanın nuru ilə ola biləcəyini ifadə etmişdir. Əlbəttə burada imanın nuru ilə nə nəzərdə tutulduğuna toxunmaq lazımdır. İmanın nuru Allah’ın varlığına, birliyinə inanan və Qurana təslim olan insanlara Rəbbimizin verdiyi bir anlayışdır. Möminlər Allah’ın verdiyi bu anlayışla, hadisələri çox açıq olaraq qiymətləndirə bilər, bir çox mövzunun dolaşıq nöqtələrini rahatca qavraya bilərlər. Quranda bildirildiyi kimi, möminlər ətraflarındakı hər şey üzərində dərin-dərin düşünən, başqa sözlə, hadisələrdəki incəlikləri, detalları gözdən qaçırmayan insanlardır. Necə ki, bir ayədə Allah səmimi qəlblə iman edib hər hadisənin incəliyini və dərinliyini qavramağa çalışan, gördükləri detallarda özlərini Yaradanın böyüklüyünü, gücünü qavrayaraq Ondan qorxanlara doğrunu yanlışdan ayırma mövzusunda anlayış verəcəyini bildirmişdir:

Ey iman edənlər, Allah’dan qorxub-çəkinsəniz, sizə doğrunu yanlışdan ayıran bir nur və anlayış (furkan) verər, pisliklərinizi örtər və sizi bağışlayar. Allah böyük fəzl sahibidir. (Ənfal surəsi, 29)

Bu ayəni təfəkkür etdikdə, hz. İsanı yer üzünə qayıtdıqda tanıyıb ona itaət edəcək olanların da Allah’a və Qurana iman edən, hər hadisəni dərindən düşünüb qavramağa çalışan insanlar olacağı aydınlaşır. Belə ki, Bədiüzzaman Səid Nursi başqa bir sözündə mövzuya belə diqqət çəkir:

"Hətta Həzrət-i İsa Əleyhissalamın nüzulü belə və özü İsa Əleyhissalam olduğu nur-u imanın diqqətiylə bilinər; hər kəs bilə bilməz." (Şüalar, s. 487)
HZ. İSANI HANSI XÜSUSİYYƏTLƏRİYLƏ TANIYA BİLƏRİK?

Yuxarıda ifadə etdiyimiz kimi, bu sualın cavabını tapmaq üçün Qurana baxdıqda qarşımıza çıxan ilk işarə ayələrdə izah edilən peyğəmbərlərin sahib olduqları ortaq xüsusiyyətlər olacaq. Elə isə bəzi əlamətlərlə özünü müəyyən edib, diqqət çəkəcək olan hz. İsanı tanımaq üçün Quranda bildirilmiş olan bu peyğəmbər xüsusiyyətlərinin nələr olduğunu araşdırmaq lazımdır. Əlbəttə peyğəmbərlərlə bağlı Qurandan çıxarıla biləcək yüzlərlə əlamət var. Ancaq bu hissədə kənardan baxan bir gözlə qiymətləndirə biləcək ən diqqət çəkən xüsusiyyətlərə nəzər salınacaq.

1. Üstün əxlaq xüsusiyyətləri ilə digər insanlardan fərqlənir

Allah’ın seçib göndərdiyi hər peyğəmbər kimi, hz. İsa da bütün üstün əxlaq xüsusiyyətlərini üzərində daşıyır. Onu digər insanlardan ayıran ən diqqət çəkən fərq yaşadığı cəmiyyət içində qeyri-adi bir şəkildə ortaya çıxan yüksək şəxsiyyətidir. Belə ki, xalq arasında heç rast gəlinməyən, insanların vərdiş etmədiyi və görən kimi təsirlənəcəkləri əxlaqi xüsusiyyətlərə malikdir. Allah’a olan etibarı və imanı ilə son dərəcə qərarlı, cəsarətli, cəmiyyətin təsiri altında qalmayan, əksinə hər kəsə təsir edən, güclü bir insandır. Belə ki, bütün peyğəmbərlərin üzərlərində daşıdıqları bu üstünlük ayələrdə belə bildirilir:

Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin Müdrikdir, Biləndir. Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. (Bundan) əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmaili, Əlyəsəni, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik. Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik. Bu, Allah’ın hidayətidir. Bununla O, qullarından istədiyi şəxsi doğru yola yönəldir. Əgər (Ona) şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı. (Ənam surəsi, 83-88)

Allah peyğəmbərləri digər insanlara görə üstün xüsusiyyətlərlə yaratdığını yuxarıdakı ayələrdə açıq-aşkar bildirmişdir. Bu mövzu ilə bağlı Quranda keçən daha bir çox nümunə var. Məsələn "...İbrahim (tək başına) bir ümmət idi." (Nəhl surəsi, 120), "Güc və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yaqubu..." (Sad surəsi, 45), "Və həqiqətən onlar, Bizim Qatımızda seçilmiş və xeyirli olanlardandır." (Sad surəsi, 47), "... Bizi mömin qullarının bir çoxundan üstün edən Allaha həmd olsun. dedilər." (Nəml surəsi, 15) kimi ayələrdə bildirilən ifadələr peyğəmbərlərə verilən üstünlükləri bizə bildirir. Hz. İsa da Allah’ın seçdiyi peyğəmbərlərdəndir. Bir ayədə belə buyurulur:

Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik. (Bəqərə surəsi, 253)

2. Peyğəmbərlərə xas üz ifadəsi ilə tanınacaq

Elçilərin üstünlüklərinin istər elm, istərsə də fiziki baxımdan olduğu da Quranda bildirilir:

... O dedi: “Allah sizin üzərinizə onu (hökmdar) seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”." (Bəqərə surəsi, 247)

Məlumat, ağıl, fiziki və əxlaq baxımından üstün edilmiş bir insan olaraq hz. İsanın üzündə peyğəmbərlərə xas bir ifadə olacaq. Sahib olduğu güclü Allah qorxusunun və dərin imanının nuru üzünə əks olunacaq. Və peyğəmbərlərə xas olan nurlu ifadə o dərəcə aydın olacaq ki, onu görənlər digər insanlarla müqayisədə çox üstün bir insanla qarşılaşdıqlarını anlayacaqlar. Ancaq unutmamaq lazımdır ki, əlbəttə hər kəs bunu qəbul etməyəcək. Bəzi insanlar içlərində duyduqları  həsəd və kin səbəbiylə bu əxlaqi üstünlüyü göz ardı edə bilərlər. İçdən-içə anlasalar da, nəfslərinə uyğun olmadığı üçün anlamazlıqdan gələ bilərlər. Yalnız imanında səmimi olanlar bu üstünlüyü görüb gərəyi kimi təqdir edə biləcəklər.

Allah, hz. İsanın həm dünyada, həm də axirətdə "... seçilmiş, şərəfli, hörmətli və Allah’a yaxın olanlardan..." (Ali İmran surəsi, 45) olduğunu bildirmişdir. Allah’ın ayəsinin bir təcəllisi olaraq bütün peyğəmbərlər kimi hz. İsa da ətrafındakı insanlar arasında möhtərəmliyi və şərəfli olması ilə tanınacaq.

3. Hikmət və xitabət gücü çox yüksəkdir

Bunlar özlərinə kitab, hikmət və peyğəmbərlik verdiklərimizdir... (Ənam surəsi, 89)

Allah müxtəlif qövmlərə təbliğ etmələri, onları xəbərdar edib qorxutmaları üçün göndərdiyi peyğəmbərlərini hikmət sahibi də etmişdir. Dərin bir izahat, hikmətli söhbətlər, doğruya dəvət edən və pislikdən çəkindirməyə çağıran rəftarlar bütün peyğəmbərlərin ortaq xüsusiyyətləridir. Necə ki, Quranın daha bir çox ayəsində tək-tək peyğəmbərlərə verilən hikmətə də diqqət çəkilir. Məsələn, hz. Davud üçün "... ona hikmət və izahat təəccüblülüyünü vermişdik." (Sad surəsi, 20); hz. Yəhya üçün, "... daha uşaq ikən ona hikmət verdik." (Məryəm surəsi, 12); hz. Musa üçün, "O, yetkinlik çağına çatıb yetkinləşincə, ona bir hökm və hikmət və elm verdik..." (Qəsəs surəsi, 14); hz. Loğman üçün, "And olsun, Loğmana "Allah’a şükr et" deyə hikmət verdik..." (Loğman surəsi, 12); hz. İbrahim üçün, "... Doğrusu Biz, İbrahim ailəsinə Kitabı və hikməti verdik..." (Nisa surəsi, 54) deyə bildirilmişdir.

Allah’ın bizə bildirdiyi "Kimə istəsə hikməti ona verər; şübhəsiz özünə hikmət verilənə böyük bir xeyr də verilmişdir..." (Bəqərə surəsi, 269) ayəsinin gərəyi, bütün peyğəmbərlərin hikmət verilərək mükafatlandırıldığıdır.

Hz. İsanın Allah’ın bir elçisi olaraq hikmətlə mükafatlandırıldığına və bunu öz qövmünə də bildirdiyinə Quranda belə diqqət çəkilmişdir:

Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa, sənə və anana olan nemətimi xatırla. Mən səni Ruhul-Qüddus ilə dəstəklədim, beşikdə ikən də, yetkin ikən də insanlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətdim... (Maidə surəsi, 110)

İsa açıq sənədlərlə gəlincə, dedi ki: "Mən sizə bir hikmətlə gəldim və haqqında ixtilafa düşdüklərinizin bir qismini sizə açıqlamaq üçün də. Elə isə Allah’dan çəkinin və mənə itaət edin." (Zuxruf surəsi, 63)

Bu ayələrə diqqət yetirdikdə anladığımız hz. İsanı tanımaq üçün başqa bir işarənin də onun edəcəyi "hikmətli, məqsədəuyğun və çox təsirli danışıqlar" olacağıdır. Digər bütün mövzularda olduğu kimi hikmətli danışıq da peyğəmbərlərə xas çox diqqət çəkici bir xüsusiyyətdir. Quranı özlərinə rəhbər etmiş möminlər hz. İsanın danışıqlarının digər bir ayədə də ifadə olunduğu kimi "onu əhatə edən bir məlumat" (Kəhf surəsi, 91) olduğunu və bunun ancaq Allah’ın seçdiyi elçilərə xas olduğunu anlayırlar. Göstərdiyi üstün ağıl, etdiyi qüsursuz diaqnozlar, gətirdiyi həllər hər zaman çox məqsədəuyğun olub Allah’dan xüsusi olaraq verilmiş bir hikmətin ən açıq əlamətlərini meydana gətirəcək. Beləcə üstün şəxsiyyəti və ağılı açıq-aşkar gözə dəyəcək.

4. Çox etibarlıdır

Hər elçi göndərildiyi birliyə ilk olaraq "Gerçək budur ki, mən sizə göndərilmiş etibarlı bir elçiyəm" (Şuəra surəsi, 107) ifadəsiylə sözə başlayaraq özünü tanıtmışdır. Peyğəmbərlərin bu etibarlılıqları Allah’ın kitabına, dininə, göndərdiyi şəriətə tam olaraq təslim olmalarından qaynaqlanır. Heç bir vəziyyətdə doğru yolun, haqq dinin sərhədlərindən kənara çıxmazlar. Yalnız Allah’ın məmnuniyyətini qazanmaq istəmələrindən dolayı heç kimə boyun əyməzlər. Quranda, demək olar ki, bütün peyğəmbərlərin bu xüsusiyyətlərini ön plana çıxardıqlarından bəhs edilir. Məsələn, hz. Musanın özünü qövmünə tanıtması Quranda belə xəbər verilir:

And olsun, Biz özlərindən əvvəl, Fironun qövmünü də sınadıq. Onlara kərim bir elçi gəlmişdi; "Allah’ın qullarını mənə təslim edin; həqiqətən mən, sizin üçün etibarlı bir elçiyəm" (demişdi). (Duhan surəsi, 17-18)

Şübhəsiz elçilərin bu mühüm xüsusiyyətlərini qövmləri həmişə təqdir edə bilməmişlər. Hətta çox vaxt elçilərlə bağlı yanlış zənnləri olmuşdur. Çünki öz cahiliyyə sistemlərini tərk edib onların dəvət etdiyi haqq dinə təslim olmaq istəməmişlər. Ancaq aradan müəyyən bir zaman keçdikdən sonra elçilərin ən etibarlı insanlar olduqları qövm içində də qəbul olunmuşdur. Bu mövzuda nümunə olaraq Hz. Yusufu verə bilərik. Hz. Yusuf uzun bir müddət qövmün içində çətinliklərlə sınanmış; əvvəl kölə olaraq satılmış, sonra bir müddət həbsdə qalmışdır. Allah’ın dilədiyi zaman isə etibarlı bir insan olduğu aydın olmuş, hökmdar tərəfindən dövlətin xəzinələrinin başına keçirilmişdir:

Hökmdar dedi: "Onu mənə gətirin, onu özümə yaxın biri edim." Onunla danışdıqda isə (belə) dedi: "Sən bu gün Bizim yanımızda (artıq) üstün bir məqam sahibisən, etibarlı (bir məsləhətçi-idarəçi)sən." (Yusuf surəsi, 54)

Quranda bildirilən peyğəmbərlərin bu xüsusiyyətləri şübhəsiz Allah’ın bir elçisi olaraq hz. İsada da görüləcək. Hz. İsa dünyaya ikinci dəfə gəlişində Allah’ın dəyişməz bir qanunu olaraq xalq arasında etibarlılığı ilə diqqət çəkəcək. Allah hz. Yusufa və digər bütün elçilərinə olduğu kimi, hz. İsaya da kömək edəcək və onun nə qədər etibarlı bir insan olduğunu zamanı gəldikdə insanlara göstərəcək.

5. Allahın qoruması altındadır

And olsun, (peyğəmbər olaraq) göndərilən qullarımıza (bu) sözümüz keçmişdir: Həqiqətən onlar, şübhəsiz nüsrət (kömək və zəfər) tapacaqlar. Və heç şübhəsiz; bizim ordularımız üstün gələcək olanlar onlardır. (Saffat surəsi, 171-173)

Allah həmişə elçilərini digər insanlardan üstün etmişdir. Tarix boyu göndərilən hər peyğəmbər Allah’ın köməyi ilə düşmənlərinə qarşı üstünlük qazanmış, onların qurduqları tələlərdən qorunmuşdur. Verdikləri hər qərar, tətbiq etdikləri hər üsul həmişə xeyirlə və müvəffəqiyyətlə nəticələnmiş, Rəbbimiz onları hər vəziyyətdə dəstəkləmişdir.

Başqa sözlə, Allah’ın elçisi hz. İsanı gözləyən möminlər üçün yol göstərici başqa bir işarə də onun hər işinin müvəffəqiyyət ilə nəticələnməsi olacaq. Belə ki, verdiyi hər qərar, tətbiq etdiyi hər üsul özü və ətrafındakı möminlər üçün xeyirli nəticə verəcək. Hətta ilk baxışda çatışmazlıq kimi görünən hadisələr belə bir müddət sonra onların xeyirinə olacaq. Və hz. İsanın verdiyi bütün qərarların ən doğrusu olduğunu bu hadisələr sübut edəcək. Çünki Allah Quranda elçilərinin hər nə olursa olsun bütün çətinliklərə baxmayaraq, üstün gələcəklərini, onları qəti olaraq köməyi ilə dəstəkləyəcəyini vəd etmişdir.

Allah’ın bu vədiylə hz. İsaya kiçik-böyük hər işdə gələn müvəffəqiyyət və bərəkət həm düşmənlərinin, həm də yanındakı inananların diqqətini çəkəcək qədər aşkar olacaq. Düşmənləri də bu vəziyyətin qeyri adiliyini görəcək, ancaq bunun Allah’dan gələn bir kömək olduğunu təqdir edə bilməyəcəklər. Hər işinin müvəffəqiyyətli olmasına, atdığı hər addımın doğru olmasına bir məna verə bilməyəcəklər. Çünki onların məqsədi özləri kimi bir bəşər olaraq gördükləri bu mübarək insana qarşı üstün gəlməkdir. Ancaq "Sonra Biz elçilərimizi və iman edənləri belə qurtararıq; möminləri qurtarmağımız Bizim üzərimizə bir haqqdır." (Yunus surəsi, 103) ayəsində də bildirildiyi kimi, Allah bu mövzuda etdikləri hər şeyi nəticəsiz çıxaracaq və elçisinə kömək edəcək. Ona qurulan tələlər heç bir zaman müvəffəqiyyətli bir nəticəyə çata bilməyəcək.

 Etdikləri üçün qarşılıq gözləməz.

Bütün elçilərin daşıdığı ortaq bir xüsusiyyət də etdikləri heç bir şey üçün qarşılıq gözləməmələridir. Etdikləri böyük xidmətlər qarşılığında gözlədikləri tək şey Allah’ın rizasıdır. Ətraflarındakı heç kimdən bir şey istəməz, heç bir mənfəət güdməzlər. Necə ki, Qurana baxdıqda da bütün elçilərin bu xüsusiyyəti üzərlərində daşıdıqlarına və bunu sözlə də dilə gətirdiklərinə şahid oluruq:

Ey qövmüm! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq məni Yaradana aiddir. Məgər anlamırsınız? (Hud surəsi, 51)

Elçilərin daşıdıqları bu üstün xüsusiyyət Hz. İsada da görüləcək. Allah’ın peyğəmbəri olaraq bütün insanları İslam dininə dəvət edəcək. Ancaq etdiyi şeylərin qarşılığında heç bir maddi mənfəət tələb etməyəcək. Quranda bildirilən bütün elçilər kimi etdiyi hər şeyin qarşılığını Allah’dan gözləyəcək və bu xüsusiyyətiylə də istər yaxın ətrafında, istərsə də içində olduğu cəmiyyətdə diqqət çəkəcək.

Ancaq bu da unudulmamalıdır ki, digər mövzularda olduğu kimi bu mövzuda da onu ancaq inananlar təqdir edə bilərlər. İçində olduğu cəmiyyət hz. İsanın bu xüsusiyyətini görsə belə, bəzi düşmənləri ona mane olmaq üçün digər bütün peyğəmbərlərə atdıqları kimi müxtəlif böhtanlar ata bilər. Bu böhtanların arasında şübhəsiz onun "etdikləri qarşılığında bir  çıxar əldə etməyə çalışdığı, mənfəət güddüyü" kimi günahlandırmaların olması da labüddür. Ancaq Allah hər mövzuda işinin xeyirlə nəticələnməsinə izn verdiyi kimi, bu mövzuda da inkarçıların böhtanlarının əsassızlığını tək-tək ortaya çıxarar və elçisinə kömək edər.

 Möminlərə qarşı şəfqətli və mərhəmətlidir

Peyğəmbərlərdə görünən ən mühüm xüsusiyyətlərdən biri də "mərhəmət və şəfqət"dir. Peyğəmbərlər həmişə yanlarındakı möminlərə qarşı çox şəfqətli və mərhəmətli olmuşlar, onların dünyadakı və axirətdəki vəziyyətlərini düzəltmək üçün işləmişlər. Hz. İsanın əxlaqının ən diqqət çəkən xüsusiyyətlərindən biri də möminlərə qarşı olan bu şəfqəti və mərhəməti olacaq. Allah göndərdiyi elçilərdə çox sıx olaraq görünən bu xüsusiyyəti Quranda belə tanıtmışdır:

Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir. (Tövbə surəsi, 128)

Elə hz. İsa da bu ayədə ifadə olunduğu kimi, ətrafındakı möminlərə qarşı çox "şəfqətli və qoruyucu" bir rəftar göstərəcək və bu bənzərsiz səmimiyyət və duyarlılıq onun hz. İsa olduğunun ən aydın dəlillərindən birini meydana gətirəcək.

DÜNYADA HEÇ BİR QOHUMU, TANIYANI, AİLƏSİ OLMAMASIYLA TANINACAQ

Hz. İsa Quranda keçən peyğəmbər xüsusiyyətləri ilə tanına biləcək. Ancaq bunlardan başqa, onu insanlara tanıdan başqa səbəblər də olacaq. Şübhəsiz bunlardan ən əhəmiyyətlisi hz. İsanın dünyada bir ailəsinin, heç bir qohumunun, tanışının olmamasıdır.

Həqiqətən də, hz. İsa yenidən yer üzünə gəldikdə ətrafında onu tanıyan heç kim olmayacaq. Onun fiziki xüsusiyyətlərini, simasını, ya da səs tonunu bilən tək bir adam belə olmayacaq. Dünyadakı tək bir adam "mən onu daha əvvəldən tanıyıram, filan zaman görmüşdüm, onun ailəsi və yaxınları bu şəxslərdir" kimi bir iddiada ola bilməyəcək. Çünki onu tanıyan bütün insanlar bundan təxminən 2000 il qədər əvvəl yaşamış və ölmüşlər. Anası hz. Məryəm, hz. Zəkəriya, onunla illərini keçirmiş həvariləri, dövrün yəhudi öndə gələnləri və şəxsən hz. İsadan təbliğ almış insanlar vəfat etmişlər. Başqa sözlə, ikinci dəfə yer üzünə gəlişində, onun doğumuna, uşaqlığına, gəncliyinə və yetkinliyinə şahid olmuş tək bir şəxs olmayacaq və onun haqqında heç kim heç bir şey bilməyəcək.

Kitabın əvvəlki hissələrində də izah etdiyimiz kimi, hz. İsa Allah’ın "OL" əmriylə atasız olaraq dünyaya gəlmişdir. Aradan əsrlər keçdikdən sonra isə tanınan heç bir qohumu olmaması çox təbiidir. Allah hz. İsanın bu vəziyyətini Quranda hz. Adəmin yaradılışına bənzədir və belə buyurur:

Şübhəsiz, Allah Qatında İsanın vəziyyəti Adəmin vəziyyəti kimidir. Onu torpaqdan yaratdı, sonra ona "ol" deməsiylə o da dərhal oldu. (Ali İmran surəsi, 59)

Ayədə də ifadə olunduğu kimi, Allah hz. Adəmə "Ol" demişdir və hz. Adəm yaradılmışdır. Məhz hz. İsanın ilk yaradılışı da Allahın "Ol" deməsiylə reallaşmışdır. Hz. Adəmin ana və atası yoxdur, hz. İsanın ilk dünyaya gəlişində isə yalnız anası hz. Məryəm var; lakin yer üzünə yenidən gələcəyi ikinci səfərdə onun anası da həyatda olmayacaq.

Şübhəsiz bu vəziyyət dövrbədövr ortaya çıxan "saxta Məsih" təhlükəsini də tamamilə ortadan qaldırır. Hz. İsanın yer üzünə yenidən gəlişində onun hz. İsa olduğundan şübhə edilə biləcək bir vəziyyət olmayacaq. Heç kim "bu adam hz. İsa ola bilməz" deyəcək bir səbəb tapa bilməyəcək. Çünki hz. İsa dünyadakı bütün digər insanlardan ayrıla biləcək bu çox əhəmiyyətli xüsusiyyəti ilə, yəni yer üzündə özünü tanıyan tək bir adam belə olmamasıyla dərhal tanına biləcək.

İzlənmə sayı: 1193