Quranda qiyamət əlamətləri »

Mikro orqanizmlərdən insanlara qədər dünyada mövcud olan bütün canlılar, ulduzlar və qalaktikaların birlikdə yox olacağı zaman ayələrdə "saat" kimi ifadə edilir. Bu "saat" hər hansı bir saat deyil. Quranda "qiyamət vaxtı" mənasında istifadə edilən müəyyən və xüsusi bir saatdır.
Əvvəlcə bunu ifadə etməliyik ki, kainatı gözləyən qaçınılmaz sonun hər dövrdə maraq oyandıran mövzu olduğu ayələrdən aydın olur. Ayələrdə insanların Peyğəmbərimizə (s.ə.v) qiyamət saatının nə vaxt gələcəyini soruşduğu belə bildirilir:

Səndən o Saat barəsində soruşurlar ki, nə vaxt qopacaq? (Əraf surəsi, 187)

Səndən o Saat barəsində: “O nə vaxt qopacaq?”– (deyə) soruşurlar. (Naziat surəsi,42)

Peyğəmbərimizə (s.ə.v) bu suala "Onun elmi yalnız Rəbbimin qatındadır." (Əraf surəsi, 187) deyə cavab verməsi əmr edilmiş, beləcə qiyamətin zamanını yalnız Allah`ın bildiyi ifadə edilmişdir. Bu ayədən qiyamətin nə vaxt reallaşacağının insanlardan gizlədildiyi aydın olur.
Şübhəsiz, sonsuz elm sahibi olan Rəbbimizin qiyamət saatını gizli saxlamasında hikmətlər vardır. Məsələn, beləcə hər əsrdə yaşayan insanların "(gələcək) o Saatdan lərzəyə gəlirlər." (Ənbiya surəsi, 49) kimi hərəkət etmələri istənilir. Bundan əlavə, insanların qiyamət gününün əzabı və dəhşəti qəfildən gəlmədən əvvəl, Allah`ın əzəmətini və sonsuz qüdrətini düşünmələri və Onun xaricində sığınılacaq bir yer olmadığını anlamaları üçündür. Əgər kainatın ölüm vaxtı tam olaraq bilinsə idi, bu dövrdən əvvəl yaşayanlar qiyaməti dərin düşünmə ehtiyacı hiss etməyəcək, ayələrdə təsvir edilən qiyamət hadisələrinə laqeyd yanaşacaqdılar.

Ancaq qeyd etmək lazımdır ki, qiyamət saatı haqqında məlumat verən bir çox ayə var. Mövzu ilə əlaqədar digər ayələri araşdırdığımızda əhəmiyyətli bir gerçəklə qarşılaşarıq. Quranda qiyamət üçün tarix açıqlanmır, lakin qiyamətdən qabaq ortaya çıxacaq əlamətlər xəbər verilir. Bir ayədə qiyamətin bir çox işarəsinin olduğu belə bildirilir:

Məgər (kafirlər) o Saatın qəfildən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. O (Saat) onlara gəlib yetişdiyi zaman ibrət almaları nəyə yarayar? (Muhamməd surəsi, 18)

Bu ayədə gələcəyi bildirilən qiyamətin əlamətlərinin Quranda izah edildiyi aydın olur. Bu "böyük xəbər"in işarələrini anlamaq üçün ayələr üzərində düşünmək lazımdır. Əks halda, ayədə bildirildiyi kimi, qiyamət anı gəldikdən sonra fikirləşməyin faydası olmayacaq.

İzlənmə sayı: 1946