Hz. İsa axırzamanda yer üzünə qayıdacaq »

Hz. İsa digər bütün peyğəmbərlər kimi, Allahın insanları doğru yola çağırmaqla vəzifələndirdiyi seçilmiş bir quludur. Ancaq hz. İsanı digər peyğəmbərlərdən ayıran bəzi xüsusiyyətlər var. Bunlardan ən əhəmiyyətlisi onun hələ də ölməmiş, Allah Qatına yüksəldilmiş və yer üzünə təkrar geri qayıdacaq olmasıdır.

Bir çox şəxsin düşündüyündən fərqli olaraq, hz. İsa çarmıxa çəkilib öldürülməmiş, başqa bir səbəblə də ölməmişdir. Quranda onu asa və öldürə bilmədikləri qəti bir şəkildə ifadə olunur və Allahın onu Öz Qatına yüksəltdiyi xəbər verilir. Heç bir ayədə hz. İsanın öldüyündən, ya da öldürüldüyündən danışılmır. Bunlarla yanaşı, Quranda hz. İsa haqqında elə məlumatlar verilir ki, bunlar tarixdə hələ reallaşmamışdır və bu hadisələrin reallaşması ancaq hz. İsanın yer üzünə geri qayıtması ilə mümkün olacaq. Quranın xəbər verdiyi hadisələrin reallaşacağından isə heç bir şübhə yoxdur.

Buna baxmayaraq, bir çox insan hz. İsanın keçmişdə öldüyünü və bir daha yer üzünə geri qayıtmayacağını zənn edir. Bu inanc Quranı bilməməkdən qaynaqlanan mühüm bir yanılmadır. Quran diqqətlə araşdırıldıqda hz. İsa haqqındakı ayələrin əsl mənaları aydınlaşır.

Hz. İsanın yer üzünə yenidən göndəriləcəyi Peyğəmbərimiz (s.ə.v.) tərəfindən də müjdələnmiş və onun göndəriləcəyi dövr olan "axırzaman"da bütün yer üzünün barış, ədalət, dinclik və rifahla dolacağı xəbər verilmişdir.

"Axırzaman" ifadəsi məna olaraq son dövr, son zaman deməkdir. İslama görə axırzaman anlayışı qiyamətə yaxın bir zamanda Quran əxlaqının üstün olacağı, insanlar arasında yaşanacağı bir dövrü ifadə edir.

İnsanların xəyalında hər zaman üçün daha gözələ, daha yaxşıya meyilli bir həsrət var. Daha gözəl bir mənzərə, daha gözəl yeməklər ictimai problemlərin yaşanmadığı hüzur dolu bir həyat, bolluq, gözəllik…

Elə axırzaman da bütün bu "daha yaxşı", "daha gözəl" anlayışlarını içində saxlayan bir dövrü ifadə edir. Axırzaman çətinliyin yerini bolluğun və bərəkətin, ədalətsizliyin yerini ədalətin, əxlaqsızlığın yerini gözəl əxlaqın, qarışıqlığın yerini barış və dincliyin aldığı və bütün inanan qulların illərdir həsrətini çəkdiyi, İslam əxlaqının yaşandığı müqəddəs bir dövrdür.

Bu hissədə hz. İsanın ölmədiyinin, Allah Qatına yüksəldiyinin və axırzamanda yer üzünə yenidən göndəriləcəyinin dəlillərini Quran ayələri vasitəsilə araşdıracağıq. Ancaq ilk əvvəl bu mövzuyla bağlı bəzi məlumatları xatırlamaq lazımdır.

 

PEYĞƏMBƏRİMİZ (S.Ə.V.) HZ. İSANIN GƏLİŞİNİ MÜJDƏLƏMİŞDİR

Hz. İsanın dünyaya təkrar gəlişi ilə əlaqədar Peyğəmbərimizin (s.ə.v.) də bir çox hədisi var. İslam alimlərindən Şövkani hz. İsanın gəlişinə dair 29 hədis olduğunu, bu hədislərdəki məlumatların da səhv olma ehtimalının olmadığını ifadə etmişdir. (Sünən-i İbn-i Mace, 10/338) Bu mövzudakı bəzi hədislər bunlardır:

"Həyatım əlində olan Allaha and içirəm ki, Məryəm oğlu (İsa Əleyhissəlam)ın ədalətli bir hakim olaraq sizin içinizə gəlməsi şübhəsiz yaxındır." (Səhihi Müslim, 6/532)

"İsa ibn Məryəm ədalətli bir hakim və ədalətli bir imam (dövlət başçısı) olaraq enmədikcə qiyamət qopmayacaq." (Sünən-i İbn-i Mace, 10/340)

Peyğəmbərimiz (s.ə.v.) hz. İsanın gəldiyində edəcəklərini də belə ifadə etmişdir:

"İsa ibn Məryəm enər, qırx il Allahın kitabı və mənim sünnəmlə hökm edər, vəfat edər." (Axırzaman Mehdisinin Əlamətləri, s. 92)

"İsa ibn Məryəm mənim ümmətim içində; ədalətli bir hakim və (rəhbərlikdə) ədalətli bir imam olacaq, xaçı qırıb əzəcək və donuzu öldürəcək… Qab su ilə dolduğu kimi, yer üzü barışla dolacaq. Din birliyi də olacaq, artıq Allahdan başqasına ibadət edilməyəcək." (Sünən-i İbn-i Mace, 10/334)

"O (hz. İsa) xaçı qıracaq, donuzu öldürəcək, cizyəni ləğv edəcək, mal (o qədər) çoxalacaq ki, heç kim onu qəbul etməyəcək." (Sünən-i Tirmizi, 4/93; Quran və Sünnədə Qiyamət və Axirət, s. 133)

Belə başa düşülür ki, hz. İsa gəlişi ilə birlikdə üç üqnum (üçləşdirmə) kimi bütpərəst inancları, xaç, ruhanilik kimi batil anlayışları, donuz əti yemək kimi haramları ortadan qaldıracaq, xristian dünyasını içində olduğu yanlış vəziyyətdən qurtaracaq, bütün insanları Quranda bildirilən haqq dini və üstün əxlaq modelini yaşamağa çağıracaq.

Bu mərhələdə üstündə dayanılması lazım olan bir məsələ var. Ayə və hədislərdə hz. İsanın axırzamanda yer üzünə qayıdacağı heç bir şübhəyə yer verilməyəcək şəkildə müjdələnmişdir. Digər tərəfdən, hal-hazırda bəzi Müsəlmanlar mövzuyla bağlı açıq-aşkar dəlilləri göz ardı edir, bəziləri də hz. İsanın hz. Muhəmməddən sonra gəlməsinin mümkün olmadığını irəli sürür. Belə bir düşüncəyə sahib olan Müsəlmanların əvvəlcə mövzuyla bağlı ayə və hədisləri səmimi və ön mühakiməsiz olaraq araşdırmaları yerində olacaq. İkinci olaraq da hz. Muhəmmədin son peyğəmbər olması həqiqəti ilə hz. İsanın yer üzünə qayıdacağı həqiqəti arasında hər hansı bir ziddiyyət yoxdur. Çünki hz. İsa ikinci gəlişində yeni bir din gətirməyəcək, Quranın və Peyğəmbərimiz hz. Muhəmmədin təbliğ etdiyi haqq dinin hökmlərinə tabe olacaq.

İzlənmə sayı: 1455